Beşikdən başlayaraq bərabərlik

scmpost_02mar05_ep_edu2_3049727Sən demə hazırda dünyada tətbiq edilən təhsil siyasətinin əsas istiqamətlərindən biri uşaqların doğuşdan sahib olduqları fürsət bərabərsizliklərini təhsilə başlayana qədər və təhsil müddətində aradan qaldırmaq imiş. ABŞ-da aparılan bir araşdırmada 3 il ərzində yuxarı və alt sosial təbəqələrdən olan uşaqları müşahidə ediblər. Başlanğıcda eyni əqli potensiala sahib olsalar da, sonda məlum olub ki, daha yüksək həyat standartlarına malik insanların uşaqları digərlərinə nisbətən 30 milyon kəlmə daha çox istifadə edib bu müddət ərzində. Bunun əsas səbəbi daha təhsilli və daha varlı valideynlərin övladları ilə daha çox və daha keyfiyyətli vaxt keçirməsi imiş. Yəni, uşağınıza balaca vaxtı edəcəyiniz ən böyük yaxşılıqlardan biri onunla vaxt keçirmək və söhbət etməkdir. Çünki eşitdikləri və istifadə etdikləri sözlərin sayı onların zəkasını artırırmış.

Fərqli sosial qruplardan olan uşaqlar arasında yaranan bu fərqi qapatmağın əsas çarəsi də məktəbəqədər təhsil müəssisələri imiş. Çünki burda valideynləriylə daha az vaxt keçirən uşaqlar özlərini daha çox ifadə etmək şansı əldə edirlər. Bu səbəbdən təhsil sahəsində reformlara başlayan bir çox uğurlu nümunələrdə ilkin olaraq məktəbəqədər təhsil müəssisələriylə bağlı işlərin görüldüyü görünür. Uşaqların məktəbəqədər təhsil müəssisələrində iştirakıyla bağlı ilk üç yeri tutan Macarıstan, İngiltərə və Avstriyada uşaqların 90 faizindən artığı bu tip təhsil müəssisələrinə gedirlər. Təəssüf ki, Azərbaycanda bu sahədəki statistika heç də ürək açan deyil. Ölkədəki 1-5 yaşlı uşaqların cəmi 15 faizi bağçalara gedir…

Təhsil sahəsində brend olan Finlandiyada cəmi yarım əsr öncə əhalinin vur-tut 10 faizi orta məktəb məzunu imiş. Sonra adamlar “Bərabəlik beşikdən başlayır” deyib reformlara başlayıblar. Nəticəsi də, göz qabağındadır. Özləri dedikləri kimi: “Keyfiyyətli ictimai təhsil, sadəcə təhsil siyasətinin deyil, eyni zamanda sosial siyasətin bir nəticəsidir.”. Bunu nəticə həm də Helsinkinin mərkəzindəki məktəblə ən ucqar kənddəki məktəbin təhsil keyfiyyətinin fərqlənməməsidir. Üstəgəl şagirdlər sağlam qida, tibbi xidmət və diş müalicəsi ilə də təmin olunur. İbtidai məktəbdən doktoranturaya qədər təhsil pulsuzdur.

Beşikdən bərabərliyi təmin etmək üçün adamlar yeni doğulan uşaqlar üçün istifadə edilən 50 məhsuldan ibarət yardım paketi verirmiş ailələrə. Uşaq anadan olduqdan sonra anaya 105, ataya 54 gün icazə verilir. Valideynlərdən biri bu müddətdən sonra da uşağa baxmağa razı olsa dövlət ona 450 avro pul ödəyir və 3 il ərzində istədiyi zaman işinə bərpa oluna bilir.

Fürsət bərabərsizliyini aradan qaldırmaq prinsipindən baxdıqda çoxlarının təriflədiyi “Sabah qrupları” layihəsinin əslində yanlış seçim olduğu ortaya çıxır. Onsuz da hər kəsin kəsin keyfiyyətli təhsilə əli çatmır. Özəl liseylərin aylıq təhsil haqqı 4 rəqəmlidir. Sonra sən gəl universitetə girənlərin arasından yenə bəzilərini seç, onlara əlavə təqaüd ver, ayrıca sinif qur, xaricdən müəllim gətir, qalanı da qalsın qıraqda. Bir baxıma bu da diskriminasiyadır elə. Azərbaycanda hər zaman gündəmdə olan mübahisələrdən biri atalarımız-babalarımız kim olub söhbətidir. Amma heyif ki, nəvə-nəticələrimiz kim olacaq məsələsi o qədər də düşündürmür insanları. Problem də, elə burdan başlayır.

Bu yazı Uncategorized kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın