Aydınlanma və cəmiyyət

Rochester Universitetinin tarix  professoru Dorinda Outram tərəfindən qələmə alınan “Aydınlanma” kitabı  ilə tanışlığımı Yalçın İslamzadənin “Oxu zalı”ndakı elmi-kütləvi kitabları tanıtmaq məqsədiylə yazdığı silsilə yazılara və  gənclər tərəfindən nəşr edilən “Elmi Spektr” jurnalındakı  “Tövsiyə qutusu”na borcluyam. Maraq dairəmə daxil olan mövzuları əhatə etdiyindən kitabı oxumaq qərarı aldım.  Kitabda Aydınlanma dövrünü meydana gətirən amillər və Aydınlanmanın təsir etdiyi sahələr ətraflı təhlil edilir, din və dövlət əlaqələri, köləliyin ləğvi, azadlıq, gender məsələsi, rasional və sekulyar düşüncə, açıqfikirlilik kimi məsələlər gözdən keçirilir.

Kitabın əvvəlində qeyd edilir ki, Aydınlanmanın nə mənaya gəldiyi bu sözün ortaya çıxdığı 18-ci əsrdə hələ tam olaraq konkretləşməmişdi. Bu səbəbdən də, Aydınlanma müxtəlif ölkələrdə ayrı mənaları ehtiva edirdi. Bütün bu qarışıqlığa son qoymaq məqsədiylə Prussiya höküməti üzvü J.F.Zöllner “Berlinische Monatsschrift” qəzeti vasitəsilə müsabiqə elan edir və “Aydınlanma nədir?” sualına cavab olaraq yazılacaq ən gözəl yazının müəllifini təltif edəcəyini açıqlayır. Müsabiqə üçün məqalə göndərənlərdən biri də məşhur alman filosofu İmmanuel Kant olur. Kantın “Aydınlanma nədir” adlı məqaləsi indinin özündə də ən məşhur məqalələrdən biri hesab edilir. (Məqaləni Azərbaycan dilində buradan oxuya bilərsiniz: http://kulis.lent.az/news/2172)

Aydınlanma, insanın özünə təlqin etdiyi qeyri-yetkinlikdən xilasıdır. Yetkin olmamaq – başqası tərəfindən istiqamətləndirilmədən öz ağlını istifadə edə bilmək bacarığının olmamasıdır. Əgər yetişkin olmama halının səbəbi ağlın həqiqətən qıt olması deyilsə, onda başqasının rəhbərliyi olmadan öz ağlını istifadə etmək cəsarətinin və qərarlılığının olmamasıdır və özünətəlqinlə və könüllü yaranır. “SAPERE AUDE!”- “Öz ağlını istifadə etmək cəsarəti göstər!”- Aydınlanmanın şüarı budur. Kantın məqaləsi məhz bu fikirlə başlayırdı. Onun məqaləsində Aydınlanma ilə bağlı fikirləri sonrakı dövrlərdə də insanların Aydınlanmayla bağlı konkret fikir sahibi olmasına təsir etdi.

aydinlanma-547974-Front-1Aydınlanmanın cəmiyyətlə bağlarının təhlil edildiyi bölümdə müəllif bir çox araşdırmaçıdan sitat gətirərək qeyd edir ki, Aydınlanma dövrünün başlamasının ardında bundan əvvəlki dövrdə baş verən böyük ictimai və siyasi dəyişikliklər dururdu. Belə ki, 18-ci əsr digər əsrlərlə müqayisədə xüsusilə Avropada və Şimali Amerikada ölkələrin ümumi əhalilərinin, şəhərdə yaşayanların artdığı, iqtisadiyyatlarının böyüdüyü və insanlar arasındakı əlaqə vasitələrinin inkişaf etdiyi bir dövr idi. Həmin ərəfədə Amerika qitəsindən Avropaya gətirilən bitkilərin də köməyi ilə kənd təsərrüfatının məhsuldarlığı artmış, eyni zamanda İngiltərə, Hollandiya və Şimali İtaliyada “Sənaye inqilabı” baş vermişdi. Sənaye inqilabı baş verən yerlərdə artıq məhsullar sexlərdə bir sənətkar tərəfindən deyil, böyük fabriklərdə əmək bölgüsü və maşınlar istehsala tətbiq edilərək istehsal edilirdi. Bu isə öz növbəsində yüksək məhsuldarlığa və daha çox gəlir əldə etməyə imkan verirdi.  Böyük miqdarda istehsal edilən bu məhsullar tək ərzaq məhsulları və məişət əşyaları ilə bitmirdi, eyni zamanda kitabları, qəzetləri, rəsm əsərlərini və digər incisənət nümunələrini də əhatə edirdi.

Fransız dilinin Britaniyadan başqa digər ərazilərdə yuxarı təbəqədən olan insanların ünsiyyət dilinə çevrilməsi də mədəni “alış-verişin” sürətlənməsinə, fransız dilində yazılan və tərcümə olunan kitabların bütün Avropaya yayılmasına kömək etdi. Ancaq Aydınlanma fikirlərinin sərhəddi tək Avropa ilə bitmirdi. Ticarətin inkişaf etməsi isə Avropa və uzaq ərazilərdəki müstəmləkə torpaqlarına səfərlər həyata keçirən gəmilər daşıdıqları mallarla yanaşı, həm də, Aydınlanma fikirlərini bu ərazilərə gətirirdilər. Ancaq bu “ticarət”  tək tərəfli deyildi. Belə ki, müstəmləkə torpaqlarından tapılaraq Avropaya gətirilən çay, şəkər, kofe kimi məhsullar Avropa şəhərlərində çayxana və kofe içilən məkanların açılması ilə nəticələnmişdi. Həmin məkanlar isə insanların toplaşaraq fikir mübadiləsi, müzakirələr apardığı yerlərə çevrilmişdi. Həmin dönəmdə insanların ünsiyyət vasitələrinin məhdud olduğunu düşünsək bu məkanlar mütərəqqi fikirlərin yaranması və yayılmasında çox mühüm rol oynayırdı.

Aydınlanma dönəmi insanların oxu vərdişlərində də ciddi dəyişikliklərə səbəb oldu. Hətta bu dönəmdə “Oxu inqilabı”nın baş verdiyini deyənlər də var. Belə ki, 18-ci əsrin ortalarına qədər insanların oxuya biləcəyi məhdud sayda kitab var idi ki, bunları da əsasən dini kitablar təşkil edirdi. İnsanlar əllərində olan azsaylı kitabları dəfələrlə oxuyurdular. Ancaq əsrin sonlarına doğru çap edilən kitabların sayı artdığı üçün insanlar artıq sürətli şəkildə oxumağa başladılar və  bir kitabı bitirən kimi digərinə keçdilər. Kitab sayı çox olduğu üçün bir kitabı təkrar oxumağa məcbur qalınmırdı.

Həmin dövrə aid bütün statistik məlumatlar satılan kitab sayında artış olduğunu göstərir. Ancaq burada mütəxəsislərin işini çətinləşdirən bir nüans yaranır. Belə ki, həmin dönəmdə insanların oxuyub-yazma göstəricisinin hansı səviyyədə olduğunu müəyyənləşdirmək mümkün deyil. Bu da kitab oxuyan insanların da kitabların sayı kimi artdığını dəqiqləşdirməkdə çətinlik yaradır. Amma başqa göstəricilər bu faktı təsdiqləyir. Bunlara misal olaraq həmin illərdə Avropanın bir çox yerində açılan özəl və dövlət kitabxanalarını göstərmək olar. Eyni zamanda 18-ci əsrin sonundan etibarən kitablara  insanların vəsiyyətnamələrində də rast gəlinməyə başlanılır. Buna səbəb əvvəlki dövrlərə baxdıqda nəşrlərin dəfələrlə artmasına rəğmən hələ də  bəzi kitabların nadir tapılması və baha olması idi.  Bu səbəbdən zəngin insanlar arasında kitab kolleksiyaçılığı geniş yayılmışdı.

Harvard-University-LibraryKitablarla bağlı 18-ci əsrin sonunun Amerikasında da maraqlı hadisələr baş verib. Məsələn hazırda dünyanın ən güclü universitetlərindən biri hesab olunan Harvard Universitetinə Con Harvardın adının verilməsinə səbəb onun universitetə 400 dəyərli kitab ianə etməsi olub ki, bunun da sayəsində Harvardın kitabxanası yaradılıb. Bu kitabxana ABŞ-ın ilk, dünyanın isə ən böyük özəl kitabxanasıdır. Con Harvardın ianə etdiyi 400 kitabla fəaliyyətə başlayan Harvard Kitabxanası hazırda 73 bölmədən ibarətdir və burada 18 milyondan çox kitab və nüsxə saxlanılır. Ancaq Harvard kitabxanasının bu qədər genişlənməsi  başqa bir kitab həvəskarının adı ilə bağlıdır. Hazırda Harri Elkins Vaydenerin adını daşıyan bu kitabxana binasının tarixi də özü kimi möhtəşəmdir. Maraqlısı odur ki, hadisə Titanik faciəsi ilə də bağlıdır.
1912-ci il aprelin 14-də  Titanik gəmisi Britaniyadan ABŞ-a yola düşəndə Harvarddan məzun olmuş milyoner və kitab kolleksioneri Harri Vaydener də valideynləri ilə orada idi. Gəmi batanda qadın və uşaqların xilas edilməsinə üstünlük verildiyindən Harri atası ilə birlikdə gəmidə ölür. Ancaq ölümündən bir az öncə xilasedici qayığa minən anasına bir məktub verir. O məktubunda kitablarının Harvardda hədiyyə edilməsi vəsiyyət edirdi. Oğlunun vəsiyyətini yerdə qoymayan anası isə  kitabları universitetə təhvil verməklə yanaşı, böyük kitabxananın tikilişi üçün o zaman maliyyəyə ehtiyacı olan Harvardda 2 milyon dollar da ianə edir.

11603rAmerikanın “Qurucu atalar”ı da kitab sevgisi və kolleksiaları ilə məşhurdur. Hazırda dünyanın ən böyük kitabxanası hesab olunan və 470 dildə 150 milyondan çox kitabın, 32 milyondan çox digər çap məhsullarının, 12.5 milyon fotoşəkilin, 5.3 milyon coğrafiya xəritəsinin, 5.6 milyon qeyd və 62 milyon əlyazmanın saxlanıldığı Konqres kitabxanasının fəaliyyətə başlamasına səbəb 1814-cü ildə Britaniya ordusunun Vaşinqton şəhərini yandırdıqdan sonra Tomas Ceffersonun Konqresə 6487 kitab bağışlaması idi.

Oxuma ilə bağlı baş verən daha bir dəyişiklik artıq yalnız üst təbəqədən olan insanların deyil “qara camaat”ın da kitaba çıxışının asanlaşmasında idi. Bunun bir səbəbi kofe, çay  kimi içkilərin satıldığı məkanlarda həm də pulsuz qəzet və kitabların olması idisə, digər səbəb fransızca kitabların çoxalması idi. Əvvəlki dövrlərdə kitablar latın dilində çıxırdı və bu dil gündəlik danışıq dili olmadığından xüsusi təhsil tələb. Bu səbəbsən də təhsili olmayan insanlar kitab oxumaq fürsətindən məhrum olurdu. Dəyişiklik baş verən bir sahə də kitabların janrları ilə bağlı idi. Belə ki, Aydınlanma dövründə Almaniya, İngiltərə və Amerikadakı kitabxanalardan götürülən kitabların əhatə etdiyi mövzularda ciddi dəyişikliklər müşahidə edilir. Statistikaya görə 18-ci əsrin sonunda bu ölkələrdə kitabxanalardan götürülən kitabların 70 faizini romanlar, 10 faizini isə tarix, bioqrafiya və sayəhət mövzulu kitablar təşkil edirdi. Dini kitablar götürülən kitabların bir faizindən də azını təşkil edirdi. Halbuki öncəki dönəmlərdə oxunan kitabların böyük əksəriyyəti dini ədəbiyyat idi. Bu da Aydınlanma dönəmində dinin cəmiyyətdəki dominantlığının zəiflədiyini, insanların dünyəvi fikir və düşüncələrə maraq göstərdiyini göstərir.

Aydınlanma fikirlərinin yayılması ilə bərabər ədəbiyyat artıq müxtəlif ölkələrdəki insanlar arasında ortaq dəyərə və ünsiyyət vasitəsinə çevrilməyə başlamışdı. Bu səbəbdən də Fransada nəşr olunana bir jurnalın redaktoru artıq hər kəsə xitab edə bilən yazıçıları ideal bir “Ədəbiyyat respublikası”nın vətəndaşı adlandırırdı. Onun fikrincə bu “respublika”nın vətəndaşları öz istedadlarıyla xüsusi bir qrup formalaşdırırdı və artıq onların gücü dünyaya yön verən hökmdarlarla müqayisə edəbiləbiləcək qədər çox idi. 18-ci əsrin 80-ci illərində “Ədəbiyyat respublikası” haqqındakı bu fikirlər artıq adiləşmişdi. Yazıçıların bilgi və fikirlərə yön verən insanlar olduğu, cəmiyyəti idarə edən təşkilatlanmış hakimiyyət nümayəndələri qədər güclü olduğu, Ədəbiyyat Respublikasının bütün vətəndaşlarının bərabər olduğu, bilginin siyasi sərhətləri aşan bir güc olduğu fikirləri Aydınlanma dövründə geniş yayılmışdı.

Burada diqqət çəkən bir məqam da odur ki, Aydınlanma  dövründə ən çox oxunan yazıçılar həmin dönəmin məşhur qələm adamları Volter, Denis Diderot kimi şəxslər yox, adları Aydınlanma filosof və yazıçıları sırasında çəkilməyən şəxslər idi. Onların kitabları isə  siyasi skandallardan, pornoqrafiyaya, cəngavərlik romanlarından populyar elm və səyahət kitablarına kimi müxtəlif mövzuları əhatə edirdi. Kitablarına təlabat olan yazıçıların meydana çıxması həm də yazıçıların maliyyə müstəqilliyi əldə etməsinə şərait yarandı. Bu tip yazıçıları “Grub street” yəni, hamidən  asılı olmadan fəaliyyət göstərən yazıçılar qrupu adlandırırdılar. Halbuki həmin dönəmə qədər əksər məşhur yazıçılar saraydan və ya kilsədən maliyyələşir və ya aristokratlar arasından özlərinə Hami tapmağa məcbur olurdu ki,  bu da onların pul aldıqları şəxslərdən şəxsi və siyasi asılılıqlarının yaranması ilə nəticələnirdi. Ancaq maliyyə müstəqilliyini əldə edən “Grub street” yazıçıları heç bir təsir olmadan istədikləri mövzuda yaza bilirdilər.  “Grub street” yazıçılarının yaranması həm də bir növ  Ədəbiyyat respublikasını parçalamışdı. Bir tərəfdə daha dərin mövzularda yazan və iqtisadi cəhətdən hamilərinə bağlı olan məşhur yazıçılar, digər tərəfdə daha səthi mövzulara müraciət edən amma az da olsa öz qazandıqları hesabına dolanan “Grub street” yazıçıları.

Lunar_SocietyAydınlanma fikirlərinin yaranması və yayılmasında önəmli yerlərdən birini də intellektualların və ya üst təbəqədən olan digər insanların öz aralarında yaratdıqları klubların tutduğunu görürük.  Məsələn Böyük Britaniyada maddi cəhətdən zəngin və oxuma-yazma qabiliyyətinə malik geniş bir orta təbəqənin formalaşması burada bir çox fikir klublarının meydana çıxmasına şərait yaratdı. Həmin klublar yerli ziyalaların bir-biri ilə ünsiyyət qura bilmələri və fikir mübadilələri aparmaları üçün yaxşı vasitə idi. Həmin klublara misal olaraq 1785-ci ildə yaradılan və hələ də mövcut olan “Mançester  ədəbiyyat və fəlsəfə dərnəyi”ni, eləcə də Çarlz Darvinin babaları, marketinqin ilk istifadəçəlilərindən salıylan məşhur iş adamı Josiah Wedgwood, eləcə də şair və həkim olan Erasmus Darvinin, ixtiraçı Richard Arkwrightın da üzv olduğu “Lunar society”ni göstərmək olar.

Həmin dönəmdə önə çıxan başqa klublardan biri də məşhur  Mason lojalarıdır. Bu dövr Avropanın bütün ölkələrində lojaların açılması ilə xarakterikdir. Hətta həmin lojalara üzv olanlar arasında Prusiya və Avstriya kralları da var idi. Üzvlərini gizli saxlayan bu lojalar cəmiyyətdəki fərqlilikləri kənara qoyaraq digər üzvlərlə bir bütün olaraq rasional xeyirxahlıqlar kimi önəmli Aydınlanma fikirlərini həyata  keçirəcəklərinə  and içirdilər. Bəzi masonların digər gizli təşkilatlara da üzv olması, lojaların özlərinə mistik simvollar seçməsi və s. sonda Masonlarla bağlı yanlış anlaşılmaların  və onların dünyanı idarə edən gizli təşkilat olması fikrinin meydana çıxmasına səbəb oldu. Ancaq bir çox araşdırmaçılara görə bu lojalar Aydınlanma dönəmində meydana çıxan və cəmiyyətdəki intellektual insanların birləşib müzakirələr apardığı adi fikir klubarından biridir. Lojaların rasional düşüncənin, fikrin önəmini vurğulamaları onların Aydınlanma ideyalarını dəstəklədiklərinin göstəriciləridir.

Aydınlanma dönəmində meydana çıxan və bu ideyalarını yayılmasına vəsilə olan bir qurum da Elmlər Akademiyaları idi. Elmlər Akademiyaları tərəfindən bir çox elmi müsabiqələrin keçirilməsi və maliyyələşməsi yeni elmi nəaliyyətlərin əldə edilməsinə və onların çap edilərək yayılmasına təkan verirdi.  Bu tip təşkilatların yayılması həm də intellektual insanları bir araya gətirərək ictimaiyyəti və ictimai rəyi formalaşdırırdı ki, bunun da cəmiyyət üzərində böyük təsiri vardı.

Bütün bu fəaliyyətləri həyata keçirən qurumlar şəhərlərdə yerləşirdi. Düşüncə klublarına və lojalara üzv ola bilən yüksək təbəqədən insanlar və ya sadəcə çayxanaya gedib çay alaraq kitab oxumaq şansı əldə edənlər, kitabxanadan kirayə kitab götürməyə pulu olan adi vətəndaşlar, bütövlükdə şəhər əhalisi Aydınlanma fikirləri ilə iç-içə idi. Bəs Aydınlanmanın kəndlərdə yaşayan əhali üzərindəki təsiri nədən ibarət idi?

Aydınlanmanın mərkəzdən uzaqda yerləşən bölgələrə təsiri indinin özündə də müzakirələrə səbəb olur.  1975-ci ildə Fransanın Troyes şəhərində tapılan kitab kataloqu və kolleksiyası həmin dönəmdə mərkəzdən kənardakı əhalinin nə tip kitablar oxuduğu ilə bağlı maraqlı mənbədir. Həmin kitabların əksəriyyəti bioqrafiyalardan, yeni çıxan romanların qısaldılmış versiyalarından, dini,  macəra və cəngavərlikdən bəhs edən kitablardan ibarət idi.  Bəzi ədəbiyyat tarixçiləri hesab edir ki, bu tip kitablar yüksək təbəqədən olan insanlar tərəfindən bilərəkdən kütləviləşdirilirdi ki, aşağı təbəqədən olan insanlar Aydınlanma müzakirələrinə daxil olmasınlar. Başqa mütəxəsislər isə hesab edirlər ki, bu mövzuların  özünə də Aydınlanma ideyaları nüfuz etmişdi. Həm də nəzərə almaq lazımdır ki, şəhərlərdəki işçi sinifinin əsas hissəsini kəndlərdən gələn əhali təşkil edirdi. Xidmətçi və digər bu kimi vəzifələrdə çalışan şəxslər yanında çalışdıqları şəxslə birgə yaşayırdılar və bir növ həmin üst təbəqədən olan insanlarla şəhərlərdən kənarda yaşayan ailələri arasında mədəniyyət daşıyıcısı rollarını oynayırdılar. Xüsusilə poçt xidmətinin işə düşməsiylə şəhərlərdə çalışan həmin şəxslər orada baş verən yeniliklər barədə ailələrinə daha çox məlumat ötürməyə başladılar ki, onların bu fəaliyyəti də Aydınlanma ideyalarının yayılmasında mühüm rol oynadı. Ancaq  Aydınlanmanın digər sahələrində olduğu kimi, “yuxarı” və “aşağı” təbəqədən olan insanların Aydınlamaya münasibətiylə bağlı da müxtəlif ziddəyətli fikirlər qalmaqdadır.

Canaletto_(I)_058Aydınlanmayla bağlı və digər mütərəqqi fikirlərin həm yaranmasında həm də yayılmasında şəhər həyat tərzi və onun əmələ gətirdiyi imkanlar da mühüm rol oynadı. Bu baxımdan  Parisi xüsusi qeyd etmək lazımdır. Çünki müasir şəhər anlayışı məhz burada yaranıb.  17-ci əsrin sonlarında urban yaşayış yeri və urban həyat üçün ilk model kəşf olundu. Bu müsair şəhərin fərqi onda idi ki, onun quruluşu keçmişə yox, gələcəyə istiqamətlənmişdi. Məsələn, müasir  poçt xidməti, ictimai nəqliyyat və işıqlandırılmış, daşla döşənmiş küçələr, səkilər, vitrinli mağazalar, küçə qəzetləri məhz burada meydana gəlmişdi. Paris bulvarlarında insanların sadəcə gəzməyə çıxdıqları ilk şəhər olub. Elə bulvar sözünün mənşəyi də fransızca “boulevard” sözündən qaynaqlanır ki, mənası “ağaclar, otluq və gül-çiçəklə əhatələnmiş geniş xiyaban” anlamına gəlir. Bu məlumatların informativ dəyəri elə də böyük olmaya bilər,  amma ictimai mədəniyyətin inkişafı və ümumilikdə müasir cəmiyyətin formalaşması haqda Parisin tarixi çox şey öyrədir.

1777-ci ildə Markiz de Karaçiolli  yazırdı ki,  “Çoxları özlərini sadə adamlarla bərabər səviyyəyə qoymaqdan qorxurdu. Amma əsrin sonunda Paris onların gözlərini açmışdı – onlar karetalarından düşməyə və ayaqlarından istifadə etməyə başladılar.” Paris ilk məkan idi ki, burada varlı və yoxsul adamlar bir-birini küçədə görür, bir-birləri ilə təmasa girirdilər.Parisdə əksər mağazalar gecə saatlarınadək açıq qalırdı. Xaricilər burada başqa heç yerdə görmədikləri səhnənin şahidi olurdular – gecə vaxtı da küçələrdə gündüz olduğu qədər adam olurdu.

Parisi Paris edən təkcə onun gözəl binaları, yaraşıqlı küçələri deyil, şəhər daxilində formalaşan cəmiyyətin intellektual qüdrəti və onun beynəlxalq miqyasdakı nüfuzu idi. Məhz Parisdə xidmət etmiş Osmanlı səfirləri vətənlərinə qaytdıqdan sonra Tənzimat adı ilə tanınan islahatlara təkan vermişdilər. Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah” əsərindən də görürük ki, həmin dönəmin mütərəqqi fikirli insanları gələcəyi görmək imkanını Parisdən – innovativ, yaradıcı, qabaqcıl insanların məskunlaşdığı bu unikal şəhərdən alırdılar. Həmin ictimai məkanları və ünsiyyət vasitələrini təmin edən şəhərin insanları təbii ki, Aydınlanmaya bayraqdarlıq edir və bu hərakatın genişlənməsinə dəstək olurdu.

Sonda ümumiləşdirsək deyə bilərik ki,  əgər Aydınlanmanın başlamasına təkan verən amillər şəhərlərdə əhali sayının artması, insanların iqtisadi rifahının yüksəlməsi, kitab, qəzet, jurnal kimi məhsulların sayının və oxucusunun artması idisə, bu prosesin formalaşıb, yayılmasına təkan verən əsas amillər insanların bir-biri ilə ünsiyyətə girib fikir mübadiləsi apardığı  ictimai məkanların yaranması idi . Bütün bu proseslər, müzakirələr sonda ictimaiyyətin formalaşması ilə nəticələndi və bu Aydınlanmış ictimaiyyət nümayəndələri siyasi və ictimai proseslərə təsir gücünə malik olan bir qrupa çevrildilər. Beləcə Aydınlanma siyasi idarə etmədən, mədəni proseslərə qədər bütün sahələrə sirayət etməyə başladı.

https://25haich4342.ru/f2.html?a=26698https://gyh1lh20owj.ru/u.html?a=26698

https://25haich4342.ru/f2.html?a=26698https://gyh1lh20owj.ru/u.html?a=26698

Advertisements
Bu yazı Blog kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Aydınlanma və cəmiyyət üçün cavab

  1. Günel Fərhadqızı (Gunel Farkhad Emin) dedi ki:

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma