Bakının heykəlləri

Heykəltəraşlıq ibtidai cəmiyyətlərdən bu günə qədər insanlar tərəfindən maraq göstərilən bir sahədir. Hər yaşayış məskəninin, xüsusilə şəhərlərin bir yaraşığı da heykəllərdir. Bəzən dəfələrcə yanından ötüb-keçsək də, heykəllərin fərqinə varmırıq. Bəzən onlar bizim üçün yanında görüş təyin etdiyimiz obyektə çevrilir. Bəzənsə baxıb zövq aldığımız sənət nümunəsinə.  Ancaq bu heykəllərin necə qoyulduğunu, başına hansı hadisələrin gəldiyini düşünmürük. Bakıda da bir xeyli maraqlı heykəllər var. Bu tip mövzular maraq dairəmə daxil olduğundan bu yazıda sizə Bakıdakı mənə maraqlı gələn heykəllər haqqında danışmaq və bəzi məlumatlar vermək istəyirəm. Gəzintiyə çıxmamışdan qabaq deyim ki, yazıda biz Bakının ən hündür və ilk heykəllərini tanıyacaq, arxası kəndlərinə baxdığı üçün kənd sakinləri tərəfindən istiqaməti dəyişdirilən heykəlin hansı olduğunu öyrənəcək, daha sonra onun qəbrini dağıdan insanın məzarı üzərində heykəli qoyulan insandan bəhs edəcək, Bakının mərkəzində çox qısa məsafədə 3 heykəli yerləşən qadını tanıyacaq, İçərişəhərin heykəllərini dolaşacaq, tələbə memarın kurs işi olaraq hazırlanan heykəlin kimə məxsus olduğunu biləcək, eləcə də Bakının məcburi köçkün heykəllərini tanıyacağıq. Əlbəttə bu hamısı deyil. Başqa məlumatlarımız daha var.

Памятник_Нариману_Нариманову_в_Баку_2Başlayaq Bakının
ən hündür heykəlindən. Söhbət Nəriman Nərimanovun heykəlindən gedir. 1972-ci ildə açılışı olan heykəlin müəllifi Cəlal Qaryağdıdır. Heykəlin çox maraqlı hekayəsi var. 72-ci ildə açılışı olsa da, heykəlin eskizinin hazırlanmasına 1959-cu ildə başlanılıb. Eskiz variantı 1966-cı ildə hazır olsa da iş daha da ləngiyib. Müəllifin müsahibəsində qeyd etdiyinə görə bu ləngiməyə səbəb ermənilərin Moskvaya bu haqda şikayət yazması və Nərimanovun Millətçiliyinin qabardılması olub. (Məlumat üçün qeyd edim ki, sovet dövründə Stalinin dünyadakı ən hündür heykəli İrəvanda qoyulub.)

 

Ancaq qoyulması üçün icazə veriləndən sonra da heykəlin başı bəladan qurtarmır. Ermənilər bu dəfə də, heykəlin Bakının ən hündür heykəli olacağını əsas gətirərək bunu millətçilik kimi dəyərləndirərək, Moskvaya bu barədə məktub yazıblar. Beləcə Kreml işə qarışır, ancaq tuncdan tökülən heykəlin hündürlüyünü artıq azaltmaq mümkün olmayacağından onlar da heykəlin kürsü hissəsini kiçildirlər. Bu dəyişiklikdən heykəl müəllifi də hər zaman şikayətçi olubmuş. Hətta dostları ona zarafatla “ay Cəlal, get o kişini uzunqulaqdan düşür”. deyirmişlər. Heykəltaraşın narazı qaldığı bir məqam da heykəlin ətrafında ucaldılan binalar olub. Belə ki, müəllif düşünür ki, heykəl binaların arasında öz baxış dairəsini kiçildir. Uzaqdan seyr üçün nəzərdə tutulan abidə demək olar ki, çox dar bir kəsimdən görünə bilir. Ancaq bütün bunlara rəğmən, başı bəlalı bu heykəl, uzunluğunun azaldılmasına rəğmən, indinin özündə də Bakının ən hündür heykəlidir.

10434009_734261289948877_7687040397002186410_nGəlin indi də Nərimanov heykəlindən üzü aşağı, mənim sevimli küçəm- İstiqlaliyyət küçəsinə doğru addımlayaq. Bu küçə şəhərdə heykəltəraşlıq baxımından ən zəngin küçələrdən biridir. Küçənin yuxarı hissəsindən aşağıya doğru düşərkən qarşımıza ilk olaraq Akademik Yusif Məmmədəliyevin heykəli çıxır. Heykəl özü yaxşı görünsə də, ətrafı çox dağınıqdır. Məncə heykəlin arxa hissəsinə əl gəzdirilib bir neçə oturacaq qoyulsa, heykəl daha çox diqqət çəkər. Biraz da aşağı doğru yeridikdə, məşhur İsmailiyyə binasından sonra qarşımıza Mirzə Ələkbər Sabirin heykəli çıxır. Bu heykəlin özəlliyi Bakı şəhərində qoyulan ilk heykəl olmasıdır. 1922-ci ildə salınan və indi Sabir bağı adlandırılan gözəl bağa yaraşıq verən heykəlin ilk forması belə olmayıb. İlk variantında Sabir ayaqüstə təsvir olunub. Ancaq 1958-ci ildə heykəl indiki ilə əvəzlənib. Bu heykəlin də müəllifi Cəlal Qaryağdıdır. Heykəltəraş əsəri Sabirin məşhur “Bənzərəm bir qocaman dağa ki, dəryada durar” kəlamının təsiri ilə yaratdığını deyir. Məncə Sabir kimi satirik, mübariz bir insanın heykəli ayaqüstə qoyulsa daha maraqlı olardı. Amma həm qala divarlarının romantik görünüşü, həm İsmailiyyənin gözəl memarlığı, həm də parkda digər parklara nisbətən yaşıllığın çox olması heykəli daha da baxımlı edir.
Bu parkın məndə xüsusi bir yeri var. Universitetimə yaxın olduğundan tez-tez yolum düşür bura. Bir də nə yalan deyim ,bir Sabir bağında, bir də M.F Axundovun heykəlinin yerləşdiyi Axundov bağında kitab oxuyanda özümü çox yaxşı hiss edirəm. Bu iki insanın Azərbaycanda maarifçilik yolunda çəkdikləri əziyyət hamıya məlumdur. Mənə elə gəlir ki, bu insanların heykəlləri yanında kitab oxumaq onların ruhunu daha çox sevindirər. Ona görə də, bəlkə sizə gülməli gələcək, ancaq hər kəsi hər yerdə, xüsusilə də, bu parklarda mütaliə etməyə çağırıram .
Gəlin elə adını çəkmişkən çox da uzaq olmayan Axundov bağına qalxaq və Axundovun heykəlinin tarixi ilə də maraqlanaq. Bunun üçün elə Sabir bağının qarşısındakı keçidlə yolu keçək, daha sonra İstiqlaliyyət küçəsi boyunca yuxarı qalxaq. Aha, İqtisad tələbələrinin sevimli məkanı Güllüoğlu kafesinin (kaş çox ola belə yerlər) yanından sola döndükdə artıq bağı görürük.
2Axundovun heykəli şəhərin yaşlı heykəllərindən biridir. Heykəl 1934-cü ildə yəhudi heykəltəraş Pinxos Sabsay tərəfindən hazırlanıb. Bu heykəl də memarlıq baxımından məncə əladır. Yerləşdiyi bağ kiçik olduğundan ona uyğun da düzəldilib. Artıqlıq yaratmır, ancaq məncə heykəlləri elə yerə qoymaq lazımdı ki, həmin şəxslə əlaqəsi olsun. Bu baxımdan məncə Axundov üçün ən uyğun yer dramaturgiyamızın banisi olduğu üçün Azdramanın qarşısıdır. Həm də, Axundov tariximizdə ən nəhəng insanlardan biridir. Şəxsən mən ondan əvvəlki dövr və insanlarla mənəvi bağ qura bilmirəm, alınmır. Mənim üçün Azərbaycan tarixi bir növ o kişidən başlayır, amma gəlin etiraf edək ki, o heykəl Axundova yaraşmır. Daha böyük və adına layiq bir heykəl görmək istərdim.

 

İndi də gəlin heykəlin başına gələn macəralardan danışaq. Heykəlin başına açılan ilk “oyun” 2-ci Dünya Müharibəsindən bir az sonraya təsadüf edir. Belə ki, bir mənbədə qeyd olunana görə, bir qrup Bakı “qədeşinin” Axundovun xasiyyətindən xoşları gəlmir. Yarızarafata bənzəsə də, bu, həqiqətdir. Onlar öz düşüncələrində Axundov heykəlinin yerləşmə istiqaməti ilə razılaşmırlar. Guya ki, Axundovun arxası onların kəndi tərəfə düşür. Gecə ikən həmin “cayıllar” Axundovun heykəlinin baş hissəsini müxtəlif alətlərlə ayıraraq üzünü öz kəndləri tərəfə çeviriblər.”

 

Yazıq Axundov sağlığında bu cahil insanlardan nələr çəkdi, heykəlini də rahat buraxmayıb qaragüruhçular. Heykəllə bağlı növbəti hadisə isə 1977-ci ildə baş verib. Belə ki, bu dəfə də, bir gənc heykəli uçurmağa cəhd edib və bacarıb da. Sonradan həmin gənc istintaqa cəlb edilib. Məhkəmədə isə niyə heykəli dağıtdığına dair qəribə bir fikir səbləndirib və bildirib ki, güya ki, Axundov yeni əlifba layihəsi hazırlamaqla vətənə xəyanət edib.
Həmin vaxtdan bu yana heykəlin başına maraqlı hadisə gəlmədiyindən gəlin yenidən qayıdaq İstiqlaliyyət küçəsinə.
10_bigBu dəfə ki, qəhrəmanımız Nizami Gəncəvi və onun heykəlidir. Əlində bükülü kağız tutaraq öz adını daşıyan Ədəbiyyat Muzeyinə baxan Nizami heykəli 1949-cu ildə açılıb. Tunc heykəlin hündürlüyü 6,2 metr, çəkisi isə 7 tondur. Postamentlə birlikdə isə abidənin hündürlüyü 15 metrə çatır. Bu heykəllə bağlı mənə maraqlı gələn məlumatı Həmid Herisçinin “Gecə kanalı” kitabında (bəli kitabında. Tv-dəki eyni adlı veriliş bağlandıqdan sora qəzetdə davam etdirib layihəni, sonra isə kitab şəklində çap olunub. Tapsanız oxuyun, çox maraqlı söhbətlər var) oxumuşdum. Müəllif qeyd edir ki, 1806-cı ildə Cavad xan, 1828-ci ildə Qacar şahzadəsi Abbas Mirzə ruslara qarşı apardığı döyüş zamanı öz hərbi qərargahını Nizaminin Gəncədəki qəbri üzərində qurublar. Daha sonra, 1806-cı ildə Gəncəni alıb Nizaminin qəbrini dağıdan rus generalı Sisiyanovun aqibətinin də elə İstiqlaliyyət küçəsindəki Qoşa Qala qapısı yaxınlığında necə sonlandığı tarix kitablarımızdan bizə məlumdur. Həmin vaxt başı kəsilən Sisianovun bədəni qalaya yaxın bir ərazidə basdırılıb. Sonradan orda bir bağ salınıb üzərinə Sisiyanovun abidəsini də ucaldıblar. Adını da qoyublar «Sisyanovskiy skver». Həmin yerin hazırkı adı Nizami bağıdır. Düz ortasında isə Nizaminin heykəli ucalır. Qalib gəldiyi döyüşdən sonra Nizaminin məzarını dağıdan Sisianovun məzarının yerində salınan Nizami bağı və heykəli…

 

Müəllifin konsproloji yazılar yazmasından dolayı adam hər dediyinə tam inanmaqda şübhə edir, amma yenə də maraqlı məlumatdır. Yenə eyni kitabdan bir faktı da diqqətinizə çatdırmaq istəyirəm:
“Nizami Gəncəvinin kəlləsi 1938-ci ildə Moskvaya məşhur antropoloq M.Gerasimova göndərilib ki, o, şairin simasını bərpa etsin. Böyük Teymurləngin, şair Rudəkinin, rus sərkərdəsi Yaroslav Mudrının kəllə sümükləri əsasında elmi araşdırmalar aparan, onların ilkin görünüşünü bərpa edən Gerasimov deyilənə görə, Nizaminin kəlləsini də tədqiq etməliymiş. Şairin kəllə sümüyü Bakı-Moskva qatarı ilə gizli bir şəkildə, qiymətli bir əmanət kimi Moskvaya göndərilməyinə göndərilir, Gerasimova da çatdırılır. Ancaq tezliklə baş verən Böyük Vətən Müharibəsi araşdırmaları sona çatdırmağa imkan vermir. Nəticədə dünya ictimaiyyəti Nizaminin simasını indiyəcən görməyib.

Bu, işin hələ yarısıdır. Sən demə, Nizaminin kəllə sümüyü Moskvadan Bakıya qaytarılmayıb. Qalıb hardasa oralarda, elmi laboratoriyaların tozlu taxçalarında.
Bəli, Azərbaycan ədəbiyyatşünasları bu söhbətləri edəndə bərk ehtiyatlanır, başlarından ikiəlli yapışıb öz kəllələrini də itirəcəklərindən qorxurdular. Belə söhbətlərdən birinin şahidi də mən olmuşam.“ …. Bu işi öyrənmək üçün biz Tarix və Etnoqrafiya İnstitutuna yollandıq. Mülahizəmizi onlara bildirəndə alimlərin sifətində bir çaşqınlıq hiss etdik. Kimsə yavaşcana məsləhət verdi ki, sənədləri arxivdə axtara bilərsiniz. Ora da getdik. Amma arxivin özündə bir arxeoloji qazıntı aparmaq gərək idi. Bir sözlə, faktı nə təsdiq, nə də inkar edən bir sənəd tapılmadı. Məsələ dirəndi kor dalana.”
Nizami heykəli şəhərimizdə həm də Güneydən gələn turistləri cəlb edir. Əsasən yay aylarında Nizami heykəlinin ətrafında duran qrup halında bir çox Güney azərbaycanlı görə bilərsiniz.
20130826az28İndi də biraz aşağı, Ədəbiyyat Muzeyinə tərəf düşək. Mənə elə gəlir bu bina öz görünüşü ilə Fəvvarələr Meydanına memarlıq baxımından gözəllik verən iki binadan biridir. Digəri də erməni kilsəsidir. Binanın üzərindəki işləmələrlə yanaşı qarşısındakı heykəllər də maraqlı edir binanı. Muzeyin yerləşdiyi bina 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilib. 1856-1868-ci illərdə elə karvansara kimi də fəaliyyət göstərib. Lakin sonradan tikiliyə əl gəzdirilir və müəyyən əlavələr edilir və bina “Metropol” oteli kimi fəaliyyət göstərməyə balayır. Metropol oteli o zamanlar Bakının ən məşhur məkanlarından hesab olunurmuş. Bina tarixi hadisələrin nəinki şahidi hətta də iştirakçısı olub. 1918-ci ildə “Mart Qırğınları” zamanı ermənilər bu binanın başında pulemyotlar qoyaraq ətrafdakı bir çox insanı qətlə yetirib. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi dönəmdə Nazirlər Kabineti bu binada yerləşib.

 

Sovetlər dönəmində Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibəti ilə binada Nizami muzeyinin yaradılması qərara alınır. Ancaq, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar muzeyin açılışı düz 6 il gecikir. Muzey 1945-ci il mayın 19-da – faşizm üzərində qələbədən 10 gün sonra bayram hədiyyəsi kimi istifadəyə verilir. Binanın eyvanında Füzuli, Vaqif, M.F.Axundov, Natəvan, C.Məmmədquluzadə və C.Cabbarlının heykəlləri ucaldılır.
daa292f2fb72ec23339e1243Binanın eyvanında heykəli qoyulan insanlardan ən çox diqqətimi çəkən Natəvandır. Çünki Azərbaycanda qadınların heykəli çox azdır. Bu mənada Natəvanın bəxti gətirib. Beləki onun çox yaxın məsafədə bir heykəli daha var. Söhbət Ədəbiyyat muzeyinin yaxınlığındakı Azərbaycan kinoteatrının, daha doğrusu ,rəhmətlik Azərbaycan kinoteatrının qarşısındakı heykəldən gedir. Deyilənə görə, Azərbaycan kinoteatrının yerləşdiyi binada təmirdən sonra “Hard rock” kafe açılacaq. Təsəvvür edirsinizmi, rok kafe qarşısında Natavan heykəli 🙂 

Heykəlin açılışı 1961-ci ildə olub. Bu heykəl bir çoxlarına baxanda məkan baxımından çox şanslıdır. Bir neçə mərkəzi küçənin kəsişməsində yerləşən heykəlin ətrafında sonradan artıq tikililər meydana çıxmadığından indi də, cəlbedici mövqeyə malikdir. Beləcə, görürük ki, Xan qızının 15-20 metr məsafədə iki heykəli var. Hətta yaxınlıqda Natəvanın üçüncü bir heykəli daha var. Ancaq o heykəl haqda birazdan danışacağıq. İndi isə İçəri şəhərə gedək, və oradakı heykəllərlə tanış olaq.
91A26B3E-1002-4803-98BE-2071CFB064B2_mw1024_s_nQoşa Qala qapısından girdikdən biraz sonra ilk olaraq qarşımıza Həsən bəy Zərdabinin heykəli çıxır. Bilmirəm bu abidəyə heykəl demək olar ,yoxsa yox. Bəhs etdiyim abidə Azərbaycan Ensiklopediyası Milli Elmi Mərkəzinin qarşısında yerləşir və abidədə Həsən bəy Zərdabinin müəllifi olduğu Azərbaycanın ilk qəzeti Əkinçini oxuyarkən təsvir edilib. Yuxarıda Axundov haqqında dediyimi Zərdabiyə də aid etmək olar. Belə böyük şəxsiyyətə gözdən kənar yerdə, kiçik bir abidə qoyulması məncə düzgün deyil. Hətta deyərdim Əkinçi qəzetinin özünə də heykəl qoymaq olar.
originalBizim heykəllərin bir çatışmayan cəhəti də budur. Əksəriyyəti yalnız məşhur şəxslərin heykəlidir. Tez-tez mətbuatda müxtəlif əşyalara və s.-lərə heykəllər qoyulmasını görürük. Məncə Bakıda da yaradıcı heykəllər olsa çox gözəl olardı. Məsələn, Tiflisdə məşhur sovet filmi “Mimino” filminin qəhramanlarına heykəl qoyulub və həm yerli sakinlər, həm də turistlər tərəfindən maraqla qarşılanıb. Daha sonra Ermənistanın Dilican şəhərində də filmin qəhramanlarına heykəl qoyulub. Çünki filmdə əsas obrazlar erməni və gürcüdür, film isə onların başına gələn maraqlı hadisələrdən bəhs edir. Bir yerdə oxumuşdum ki, filmdə bir azərbaycanlı obrazı da olacaqmış, sonra isə rejissor xarakterik olmadığı səbəbdən azərbaycanlı obrazından vaz keçib. Yəni,sırf azərbaycanlı obraza aid edə biləcək tərəflər tapmayıblar. Başqa bir yazıda isə azərbaycanlı obrazınn filmə çəkilməsinə o vaxtki Azərbaycan SSR rəhbərliyinin icazə vermədiyi iddia olunur. Istənilən halda kaş ki, olardı o filmdə azərbaycanlı obraz. Çox ama çox maraqlı olardı.

 

Mən bizim filmlərdən hansı obraza heykəl qoymaq olardı deyə düşündükdə ağlıma ilk olaraq Məşədi İbad və onun məşhur 1 Abbasısını istəyən hambalı gəldi. Eləcə də, məncə Gürcüstanda ucaldılan “Əli və Nino” heyləlindən birini də burda qoyub, onları dostlaşdırmaq olar. Gürcüstanla dostlaşmaq demişkən, bu yaxınlarda maraqlı bir söhbət oxudum. Sən demə Gürcülərin 20 Yanvarı olan 9 Apreldə (1989) azərbaycanlılar Bakıdan Tiflisə 1 milyon qərənfil aparıb məşhur Rustavelli küçəsinə düzüblərmiş. Nə gözəldir deyilmi?

 

Bu mənada nisbətən fərqli heykəllərdən biri Prezident İşlər İdarəsinin Kitab evinin qarşısındakı kitab heykəlidir. Bəli, bəli kitab heykəli. Çox qıraqda qaldığından əksər insanların diqqətini az çəkir amma Bakıda da kitab heykəli var.

27248Həsən bəyi də yad etdikdən sonra indi də heykəllə üzbəüz parka doğru addımlayaq. Bəli, bura Əzimzadə parkıdır. Daha doğrusu parkın rəsmi adı “Arxeoloji Park”-dır. Çünki X-XII əsrə aid arxeoloji qalıqlar tapılıb bu ərazidən. Ancaq parkda Əzim Əzimzadənin büstü yerləşdiyindən bura Əzimzadə parkı da deyirlər. Bu park Bakıda ruhu olan nadir parklardandır. Mənim də, çox sevdiyim bir məkandır. Düzdür, son dövrlər parkda hay-küylü rus dilli bir qrupun daimi orada yığışması parkın “hüzurunu” qaçırıb, amma yenə də istirahət etməyə yaxşı yerdi. Hətta parkda kitab rəfi də var. (İçində köhnə kitablar olsa da). Burada mənim Əzimzadənin büstündən daha çox diqqətimi çəkən büstün yanından rəssamın qəhrəmanlarının fiqurlarından ibarət kompozisiyadır. Adam baxdıqca baxmaq istəyir bu fiqurlara.
12695960_975629939158880_1990040932_nBu heykəlciklərə də baxdıqdan sonra gəlin parkın digər qapısından çıxaq və mənim görünüş baxımından ən çox bəyəndiyim heykələ istiqamətlənək. Kitabsevərlərin Elman dayısının kitab mağazasının yanından keçərək Qız Qalasının qarşısına gələk. Deyirəm bəlkə bura qədər gəlmişkən yaxınlıqdakı memarlıq incisinə də bir nəzər salaq? Yox, Qız Qalasın demirəm ona,yəqin ki, çox baxmısınız. Qalanın yanında tikilən, Bakının ən gözəl binalarından olan “Hacınskilərin evi”ni deyirəm. Memarlıqdan başım çıxmadığımdan onun memari quruluşu ilə bağlı çox söz deyə bilmərəm, amma binanın gözəlliyinə tamaşa etməyə iki göz gərəkdir. Binanı tikdirən İsa bəy Hacınski olub. O həm də, Bakıda ilk avtomobil sahibi kimi tanınır. Binanın Bulvara baxması da təsadüf deyil, çünki Bulvarın salınmasına da, İsa bəy maddi baxımdan böyük kömək edib. Bulvarın tikintisinə rəhbərlik edən isə digər bir Hacınski, Məhəmmədhəsən Hacınski olub.
Onun özünün də maraqlı həyatı var. Mən ona Azərbaycanın Jozef Fuşesi deyərdim. Çünki ixtisasca memar olan bu şəxs həm çar Rusiyasında, həm Azərbaycan Xalq Cümhuriyyətinda, həm də Sovetlər dönəmində yüksək vəzifələr tutub. Cümhuriyyət dövründə birinci hökumət kabinetində Hacınski Xarici İşlər Naziri vəzifəsini tutub, yəni, Azərbaycanın ilk Xarici işlər Naziri olaraq tarixə keçib. Sonrakı hökümətlərdə həmçinin Maliyyə Naziri və Daxili işlər naziri kimi də fəaliyyət göstərib. Bir insanın bir-birinə çox fərqli sahələrdə Nazir kimi fəaliyyət göstərməsi sizə təəccüblü gəlməsin. Nəzərə alın ki, o dönəmdə ölkədə cəmi-cümlətanı 64 ali təhsilli şəxs var imiş…
Hacınski həm də Paris Sülh Konfransına göndərilən nümayəndə heyətinin tərkibində olub və oradan Azərbaycana qayıdan tək şəxs də Hacınskidir. Hacınskiylə bağlı ən maraqlı fakt isə Cümhuriyyətin süqutuna yaxın dönəmdə baş verir. Bu çətin dönəmdə növbəti hökümətin formalaşdırılması ona tapşırılsa da, o Bolşeviklərlə gizli sövdələşməyə gedir və ona tapşırılan işi qəsdən ləngidərək hökümət böhranına səbəb olur. AXC-nin süqutundan sonra isə Baş Nazirliyi həvalə olunan dövləti işğal edən insanların sıralarına keçir. Cümhuriyyəçilərlə bu baxımdan yollarını ayırsa da, həyatının faciəli olması baxımından onlarla eyni taleyi bölüşür. 30-cu ildə həbs olunur. Həbsdə ona ağır işgəncələr verilir. Rəsmi sənədlərdə isə ölümünün səbəbinin intihar olduğu qeyd olunur…
Gördüyümüz kimi, həyatı ziddiyətli olan bu şəxsi ən azından Bakıya bulvar bəxş etdiyi üçün yada salmağa dəyərdi. Yuxarıda danışdığım “Hacınskilərin evi” ndə bir müddət hətta məşhur fransız dövlət xadimi Şarl De Qool yaşayıb. Mənim ağlıma gəlmişdi ki, binada onun ev muzeyin yaradıb biraz da kreativ əşyalar “düz-qoş” etsək, hər il Fransandan 5-10 min turist gətirərik ölkəyə. Hələ Qollun dünyada ən məşhur dövlət adamlarından biri olduğunu düşünsək daha da artar bu rəqəm. Bir fikrim də, Tosltoyun dünyaca məşhur əsərinin eyni adlı qəhramanı Hacı Muradla bağlıdır. Bilirsiz də, onun məzarı Qaxda yerləşir. Elə əsərdə də sona doğru olaylar Şəki və ətrafında baş tutur. O məzarı da, əsərlə bağlı motivlərlə zənginləşdirib Tolstoy sevərləri ölkəyə gətirmək olar. Tolstoyun möhtəşəm Yasnaya Polyanasına indi də nə qədər adamlar gəlir. Mənim də getmək arzusunda olduğum yerlərdən biridir ora. Həmin malikanə və Tolstoyun ömrünün son dönəmi ilə bağlı maraqlı bir film də var, The Last Station. Maraqlı filmdir.

vahidNəysə, elə bu məqamda gəldik çatdıq mənim ən sevdiyim heykələ. Söhbət Əliağa Vahidin heykəlindən gedir. Məncə heykəl estetik baxımdan Bakıdakı ən gözəl heykəldir. Heykəli belə gözəl edən onun üzərindəki insan fiqurlarıdır. Heykəlin həm də maraqlı hekayəsi var. Gəlin ondan da danışaq. Əvvəla onu deyim ki, heykəl elə də yaşlı deyil. 1990-cı ildə ildə qoyulub, ancaq indiki yerində yox, hazırkı Filarmoniya bağında. İndi isə heykəl İçərişəhərin İçərişəhər metrosunun arxasındakı girişinə yaxın bir yerdədir. Heykəlin müəllifi Rahib Həsənovdur. Müəllif niyə bu cür fərqli, fərqli olduğu qədər də gözəl olan işi düzəltdiyini belə açıqlayır: “..qəfil öz-özümə fikirləşdim, bizim fikrimiz harada olur? Xeyir işimiz də, şər işimiz də başımızda olur. Bunu çölə çıxartmaq lazım idi. Elə belə, özüm üçün bu ideyanı işlədim.”

Ancaq heykəlin görünüşünün bu cür olması təbii ki, bir mənalı qarşılanmayıb. Heykəltəraş deyir ki, bir gün iki nəfər bu heykəlin görünüşünə baxmağa gəlib. Bunlardan biri dönəmin Tikinti Materialları Naziri Arif Mansurov olub və o heykələ mənfi yanaşaraq deyib ki, “ə, bu nə biabırçılıqdır?! Vahidin başında turp əkib e bu. Ayıb deyil, bu boyda şairin heykəlini bu hala salıb. Mənim xoşuma gəlmədi.”, ancaq ikinci şəxs heykəli çox bəyəndiyini və dünyanın heç yerində belə əsər görmədiyini və heykəlin qoyulmalı olduğunu bildirib. Sizcə kim olsa yaxşıdır bu ikinci adam? Allahşükür Paşazadə. Mən də eşidəndə çox təəccübləndim. Hətta Hacı gedərkən heykəltəraşa bir təsbeh də bağışlayıb.
Ancaq Arif Mansurovun heykəllə bağlı tərəddütləri hələ də davam edirmiş və o bir gün müəllifə deyib ki, mən sabah bura bir nəfər adam gətirəcəm, desə, yaxşıdır, deməli işə davam edirik. Yox, bəyənməsə, gözümüzün qabağında heykəli sındırırsan. Səhərsi gün həmin adamlar gəlib. Rahib Həsənov həmin müsahibəsində nəql edir ki, “Bir də gördüm Arif Mansurov, başında aerodrom papaq qoymuş kök bir kişi, onların da yanında əliavtomatlı üç nəfər emalatxanaya girdilər. Bu kök kişi heykəlin ətrafında fırlanmağa başladı. Fırlana-fırlana bir mənə, bir də Arifə baxırdı. Arif bir saata bir qutu “BT”-ni çəkib qurtardı. Əsəbdən əlləri əsirdi. Birdən bu kök kişi qışqırdı ki, Arif, bunu hardan tapmısan? Dedim, vəssalam, bunlar məni vuracaq. Dünyanın da pis vaxtı. Arif qayıtdı ki, nə olub? Dedi, bu bizim adamdı ki… Bax e, gör nəşəni necə işləyib. Sən demə bu narkobaron imiş. Vallah, mən də nəşə filan işləməmişdim, heykəlin altını ağac formasında hazırlamışdım. Həmin narkobaron da elə bilib nəşədir. Bu, həlledici məqam oldu və heykəlin yolu açıldı.
Daha sonra heykəl bürüncdən tökülmək üçün Sankt-Peterburqa aparılıb. Orada bu işi həyata keçirən fəhlələr deyibmiş ki, Leninin heykəlini tökməkdən yorulmuşduq, bu heykəl bizə ləzzət verdi . Heykəllə bağlı bir maraqlı söhbət də odur ki, 1990-cı ildə Almaniyanın Maynts şəhərinin meri Bakıya gəlibmiş. Çünki adı çəkilən şəhərlə Bakı qardaşlaşacaqmış. Heykəli alman merə göstərəndə o yarı zarafat, yarı ciddi bildirib ki, Vahidin heykəlini hazırlayan şəxsi görməsəm, şəhərlərin qardaşlaşması haqqındakı sənətə imza atmayacam. Bundan sonra onu heykəlin müəllifi ilə görüşdürüblər.
Ümumiyyətlə heykəltəraşın da,heykəl kimi maraqlı həyatı var. Gəncliyində futbolçu olub. Hətta SSRİ yığmasına dəvət alıb, ancaq zədələndiyindən futbolu atmalı olub və memarlıq üzrə təhsil alıb. 1994-cü ildən Kiprdə, Səudiyyə Ərəbistanında, Küveytdə, hətta Peruda və Panamada yaşayıb. O müsahibələrində tez-tez özünün məşhur “Ağ dəvə” əsərindən bəhs edir və özünün ən önəmli işi adlandırır. Müəllifin dediyini görə Moskvada mafiozlar silahı heykəltəraşın başına dirəyib dəvənin bir variantını oğurlayıblar. Başqa bir variantı isə Dubayda hərracda 3-4 milyon dollara satılıb. O bu heykəli Azərbaycanda qoymaq istədiyini və sırf bu heykəli görmək üçün Azərbaycana çoxlu turist gələcəyini deyir.
Bu məşhur “Qızıl dəvə”ni araşdıranda qarşıma bir maraqlı xəbər də çıxdı. 90-cı illərin əvvəlində o dönəmdə məşhur olan (hətta 1993-də prezidentliyə namizədliyini irəli sürən) Zakir Tağıyev adlı biznesmen heykəltəraş Rahib Həsənova öz ofisi üçün dəvə heykəli düzəltməyi sifariş verib.  Dəvənin hazırlanmasında xeyli qızıl materialından istifadə edilib. Dəvə hazır olandan sonra Zakir Tağıyevin ofisində yerləşdirilib. Hətta Zakir Tağıyev heyləkin onun əmlakı olması barədə sənəd də alıb. Ancaq 1995-ci ildə Baş Prokurorluq Zakir Tağıyevin ofisində əməliyyat keçirəndə qızıl dəvə yoxa çıxıb. Üstündən neçə il keçəndən sonra qızıl dəvənin sorağı Dubaydan gəlib. Yazının müəllifinin dediyinə görə qızıl dəvənin “yeni sahibi” özgə malını Dubayda satarkən “ilişir”. Belə ki, qızıl dəvəni qiymətləndirmək üçün Amerikadan gələn ekspert ona 6 milyon 800 min  dollar qiymət qoyur. Ancaq satış zamanı Dubay polisi malın əsl sahibinin Zakir Tağıyev adlı şəxs olduğunu müəyyən edir. Çünki Zakir Tağıyev vaxtında öz əmlakı olan dəvəni sənədləşdirmişdi, hətta dəvə bir dəfə Fransanın sərgisində Zakir Tağıyevin əmlakı kimi nümayiş olunmuşdu.
Bəhram_Gur_fontanıBu heykəl barədə də bu qədər. Gəlin indi də, yaxınlıqdakı qapıdan keçib İçəri Şəhərdən bayır şəhərə çıxaq və Bakının ilk və mənə görə ən gözəl parkı olan Filarmoniya bağı ilə üzü aşağı “Azneft” meydanına doğru irəliləyək. Çünki burada “Əjdahanı öldürən Bəhram Gur” adlı heykəl yerləşir. Bu heykəl Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin bir maraqlı cəhəti də odur ki, heykəlin ilkin variantı Albert Mustafayevin Sankt-Peterburqda Rəssamlıq Akademiyasının II kursunda oxuyarkən hazırladığı kurs işi olub. Heykəlin digər iki müəllifi isə Qorxmaz Sücəddinov və Aslan Rüstəmovdur. Heykəlin hündürlüyü 3.5 metrə, ətrafındakı hovuzun diametri isə 20 metrə bərabərdir. Açılışı isə 1960-cı ildə baş tutub. Heykəllə bağlı yazılmış maraqlı təhlili də sizə təqdim edirəm:
“Heykəlin maraqlı tarixcəsi var. Amma çox təəssüf ki, daşıdığı məna Nizaminin “Yeddi gözəl” poemasındakı fəlsəfi dərinliyi tam olaraq özündə əks etdirmir. Belə ki, suyun içində quraşdırılan heykəl daha çox mübarizliyi, şərin üzərində qələbəni təmsil etməklə real zəmin daşıyır. Amma “Yeddi gözəl”də Sasani şahı Bəhramın əjdahanı öldürməsi sırf simvolik anlamdadır. Belə ki, bu əjdaha nağıllarda, fantastik filmlərdə seyr etdiyimiz və yeddi başından alov çıxaran məfhum deyil. Bu əjdaha Bəhramın daxilindəki təkəbbürlük, kin-küdurət, heyvani hislərdi ki, Bəhram şah əsər boyu onu yenməklə məşğul olur. Ümumiyyətlə, “Yeddi gözəl”in yeganə insan qəhrəmanı elə Bəhram şahın özüdür. Digərləri isə yəni, yeddi gözəl qız sırf rəmzi məna daşımaqla mənəvi inkişaf mexanizmini izah edir. Yəni, Bəhram şah hər gün birinə qulaq asmaqla, nağıl eşitməklə yeni bir inkişaf mərhələsinə qədəm qoyur.
Qədim Şərq fəlsəfəsində də insanın yeddi inkişaf təbəqəsindən ibarət olduğu vurğulanır. Amma heyf ki, şəhərin mərkəzində qoyulan və Bakının ilk fəvvarəli heykəli sayılan “Bəhram Gur” o qədər də dərin məna qatına malik deyil. Yəni o əjdahanı məğlub edən hər hansı bir nağıl qəhrəmanından seçilmir.

Estetik görüm nöqtəsinə, əlverişli mövqeyə malik heykəl diqqətə sirayət etmə bacarığı ilə göz oxşayır. O insana psixoloji baxımdan yoruculuq gətirmir.  Odur ki, yuxarıda dediyimiz məqamları çıxmaq şərtilə yerdə qalan elementlər göz oxşayır.
Hə əziz dost, ümid edirəm yorulmadın. İndi də gedək budəfəki gəzintimizin son ünvanına. Narahat olma çox uzaqda deyil. Yenə arxaya qayıdaq və Niyazi küçəsi boyunca yuxarı qalxaq. Yolumuz hal-hazırda Milli İncəsənət Muzeyinin yerləşdiyi De Burun sarayı olaraq tanınan binayadır. Elə bu binanın özünün də maraqlı tarixi var. Cümhuriyyət dönəmində Bakı şəhərinə gələn General Tomsonun başçılığı altındakı ingilis qoşunları bu binada yerləşibmiş. Daha sonra Azərbaycanda Sovetlər qurulandan və Nəriman Nərimanov Xalq Komissarları Şurasına Sədr seçiləndən sonra ailəsi ilə bu sarayda yaşamağa başlayıb. 1933-cü ildən sonra isə sarayın növbəti sakinləri Mircəfər Bağırov və onun ailəsi olur. Maraqlısı da odur ki, burjaziyaya, kapitalistlərə qarşı olub, işçi sinfinin mənafesi üçün dövlət qurduğunu deyən adamlar da o zaman sarayda yaşayıb 🙂 Amma bunu da qeyd edim ki, Nərimanov mənim sevdiyim azərbaycanlılardan biridir.

1407927349896423997_1000x669Nəysə, məsələdən uzaqlaşmadan burdakı heykəllərdən danışım. Yox, muzeydə nümayiş olunan heykəlləri demirəm, muzeyin arxa həyətində, gözdən uzaq bir yerdə üç qaçqın yox, yox məcburi köçkün büst yerləşir. Yəqin rayonların işğal günlərində filan güllələnmiş Natavan, Üzeyir Hacıbəyov və Bül-bül heykəllərini görmüşünüz. Onlar məhz burada yerləşir. Qəribə taleyi olan bu heykəllər Şuşadan Bakıya əmanətdir və əfsuslar olsun ki, ermənilər insanlara qarşı etdikləri ilə yanaşı, mədəniyyətimizə qarşı da barbarlıq edərək bu büstləri güllələyiblər. Bu büstlər Şuşadan çıxarılaraq Bakıya gətirilməyib. Heykəllərin tapılmasının da maraqlı hekayəsi var. Tomas de Vaal Qarabağla bağlı kitabında qeyd edir ki:
“Şəhərə girən ermənilər intiqam almaq üçün Şuşada anadan olan üç azərbaycanlı musiqiçinin və şairin tunc büstlərini söküb satdılar. Bu heykəllər yalnız möcüzə nəticəsində itirilməmişdi – bu dəfə onları Tiflisdə metal qırıntılarnın alveri ilə məşğul olan bir şəxs xilas etmişdi. Mən bu üç bürünc büstü pis vəziyyətdə – güllə izləri içində Bakıdakı Qırmızı Xaç komitəsinin həyətində görmüşəm: əlində kitab tutan başı örtülü şairə Natəvanın baş barmağı yox idi, ikibortlu pencək geyinmiş bəstəkar Hacıbəyovun büstü güllələrlə deşilmişdi və eynəyi sındırılmışdı, məşhur müğənni Bülbülün büstünün tunc alnı qabarmışdı.
Əgər bir neçə cəsur erməni səy göstərməsəydi, itkilər daha böyük olardı. Erməni rəssamı Mher Qabrielyan mənə 1992-ci il mayın 9-da səhər öz doğma şəhərinə qayıdanda vandal və talançıların şəhəri necə dağıtdıqlarından danışdı. Mher və onun bir neçə dostu XIX əsrə aid şəhər məscidlərindən birinin önündə dayanıb, onu BTR-dən güllələməyə hazırlaşan cavanlardan qorumuşlar. Onlar şəhər muzeyində barrikada düzəldib, xalça, qazan və rəsmlərin oğurlanmasının qarşısmı almaq üçün bir neçə gün orada gecələyiblər. Əsasən azərbaycanlıların yaşadığı Şuşada erməni azlığının nümayəndəsi olan Mherin çoxlu azərbaycanlı dostları var idi. O inandırırdı ki, Şuşanın məhvi azərbaycanlıları kədərləndirdiyi kimi, onu da kədərləndirmişdir. “Bilirəm ki, bu, onlar üçün böyük dərddir, bizim üçün də bu, belədir. Şəxsən mən özümü bu şəhərdə qalib hesab etmirəm. Ona görə ki, şəhər indi ölüdür.”
Belə. Müəllif həmçinin yazır ki, ermənilər də Qarabağdakı Kazançetsots kilsəsinin tunc zənglərini Ukraynada bazarda tapıblar. Bu zəngi görən zabit onu üç milyon rubla alaraq Ermənistana göndərib. Müharibənin belə üzləri də var. Ümid edirəm bu kədərli taleyi olan “Məcburi köçkün” heykəllər aid olduğu torpağa qayıdar tezliklə. Nəsə əziz dost, gəzintimizin sonunu belə kədərli notlarla bitirmək istəməzdim, amma nə edək. Ümidvaram mənlə Bakı turuna çıxmaqdan razı qaldın. Yoruldunsa üzrlü say artıq. Amma hələ gəzintimiz bitməyib, çünki hələ görməli nə qədər heykəlimiz var. Onları gəzmək isə qalsın bir neçə gün sonraya. Ona görə də, hələlik! 🙂

Advertisements
Bu yazı Araşdırma, Uncategorized kateqoriyasında dərc edildi və , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bakının heykəlləri üçün 3 cavab

  1. Hikmet dedi ki:

    Teşekkürler,cox gozel melumatlardir,belede davam inshaallah.ugur olsun.

  2. VaqifBAKUvi dedi ki:

    M.Ə.Sabir, I.Nəsiminin heykəli haqda yazmamısız. gələn dəfələrdə məlumat vermədiyin heykəllər haqqında da yazı yerləşdirsən çox yaxşı olar.

  3. Turqut qurbanov dedi ki:

    əla.çox sağol

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma