Mənim ilk iş təcrübəm

Müasir dövrdə iş dünyasında uğur qazanmaq üçün təcrübə ən az biliklər qədər önəmlidir. Dünyanın bir çox ölkələrində tələbələrin böyük şirkətlərdə təcrübə keçməsi üçün imkanlar genişdir, ancaq əfsuslar olsun ki, ölkəmizdəki iri şirkətlərin əksəriyyəti bu məsələdə aktivlik göstərmir. (İnsaf üçün deyim ki, iri şirkətlərin tələbləri də iridir və o tələblərə cavab verən tələbə də elə çox deyil).  Ancaq mən bu məsələdə bəxti gətirənlərdənəm. Belə ki, bu yay 2 ay müddətinə VF Azərkreditdə “Marketinq və məhsulların inkişafı” departamentində təcrübə keçmək imkanı əldə etdim. Bu yazıda həmin müddət ərzində ki, müşahidələrim və öyrəndiklərim haqqında bəhs etmək istəyirəm.

VF Azərkredit 40-dan artıq filialı, 80 minə yaxın müştərisi, 100 milyon dollara yaxın aktivləri ilə mikromaliyyə bazarının ən güclü iştirakçılarından biridir. Şirkətin missiyası az təminatlı əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün maliyyə xidmətləri göstərməkdir ki, bunun da sözdə deyil əməldə icra olunduğunu şəxsən gördüm. işlədiyim dövr ərzində həm kollektivin, həm də şirkətin bəzi müştərilərinə qarşı atdığı humanist addımlar “vəhşi kapitalizm” adı ilə maliyyə təşkilatlarına lənət oxuyan insanlara çox gözəl cavab olardı. Şirkət hər il onlarla gəncin həm baş ofisdə, həm də filiallarda təcrübə keçməsinə şərait yaradır və bu təcrübə müddəti yalnız sosial bir layihə həyata keçirilsin deyə baş tutmur. Doğrudan da, işdəki hər bir insan tələbələrə nəsə öyrətmək üçün səmimi çalışırdılar.

Təcrübə proqramına qəbul iki mərhələdə aparılır. İlk olaraq namizədlər ingilis dili və riyaziyyatdan (məntiq) test tapşırıqları edir və uğur qazananlar ikinci, yəni, müsahibə mərhələsinə çağırılır. Burada isə iqtisadiyyat, müraciət olunan departamentin əhatə etdiyi sahələr, gələcək təhsil və kariyera planları və s. bu kimi məsələlərdən danışılır. Yaxşı bəs bu iki aylıq müddət ərzində nə öyrəndik?

Ilk olaraq, bu, mənim ilk iş təcrübəm olduğundan ofis mədəniyyəti, iş yoldaşı anlayışı, işdə davranış, mühit bu kimi məsələlərdə çox şey öyrəndim və bəxtimdən hər kəsin çalışmaq istəməyi arzulayacağı bir kollektivdə çalışdım. Qısaca deyim ki, ordakı o mühit, çalışqanlıq, mehribanlıq eləcə də əyləncə anlayışı bundan sonrakı iş yerlərimdə hər zaman mənim üçün meyar olacaq.

Etiraf edim ki, təcrübə proqramım Marketinqlə bağlı departamentdə olsa da, əvvəllər marketinqlə bir o qədər də yaxından maraqlanmırdım və o sahədə ümumi anlayışları bilirdim, ancaq, indi marketinqin nə qədər geniş bir sahə olduğunun fərqindəyəm, özü də düşünmədiyim qədər geniş. Marketinqin əhatə etdiyi mövzuları, gördüyü işi bilmək mənim öyrəndiyim başqa bir sahə idi. Departamentin  daxilində də hər kəsin müxtəlif iş istiqaməti var idi və xoşbəxtlikdən hər kəslə işləmək imkanı əldə etdim və məndə hər istiqamətə dair fikir formalaşdı.

Təcrübə proqramı ingilis dili və komputer bilikləri baxımından da faydalı oldu. Məsələn öncələr Excel-dən heç istifadə etməmişdim ancaq indi sadə də olsa bir neçə əməliyyatları bilirəm. Digər ofis proqramlarında da həmçinin. Təcrübə proqramı ərzində bizə Excel dərsləri keçirildiyini də qeyd etməliyəm. Ümumiyyətlə proqram ərzində həm praktiki tərəfləri öyrənirdiksə, həm də departamentdəki işçilər bizə öz sahələrində təlim keçdi ki, bunlardan da çox şey öyrəndik. Burada iqtisadiyyatla bağlı öyrəndiyim yeni terminləri də qeyd etməliyik. Azərbaycanda bir çox sahədə terminlər əsasən ruscadır amma maliyyə sektorunda bu bötüvlükdə ingiliscədir.

Təcrübə proqramının mənə qazandırdığı digər bir cəhət gündəmi daimi izləməkdir. Hər gün maliyyə və iqtisadiyyatla bağlı xəbərləri oxuyur, maliyyə bazarında baş verən prosesləri müzakirə edirdik və hətta təcrübədən sonra da bu vərdiş məndə qalıb. Baş verən hadisələri müzakirə edib, səbəblərini aydınlaşdırmaq insana çox yeni məlumatlar qazandırır.

Proqram müddətində müştəri xidmətləri sahəsində də xeyli təcrübə topladım və bir neçə filialın ərazisində yaşayan insanlarla əlaqə saxlayıb, statistika tərtib etmək üçün sorğu apardıq. Bu sorğu prosesində də bir çox yeni şeylər öyrəndim və maraqlı anlar çox oldu. Müştərilərin əksəriyyəti ya fərdi təsərrüfat ya da  kiçik bizneslə məşğul olduğundan o sahədə çalışan insanların problemləri, gözlənti və istəkləri nədir öyrənmiş oldum və həmçinin müxtəlif insan tipləri ilə əlaqə qurmaq bacarığımı da inkişaf etdirdim. Sorğu zamanı maraqlı hadisələr də olurdu. Məsələn Quba filialından bir müştəri sualına cavab verdiyim üçün istəyirəmsə mənə alma göndərə biləcəyini (hədiyyə) dedi 😀 Tovuzdan bir nəfər isə yenə suallarına cavab verdiyim üçün məni Tovuza qonaq çağırdı 😀 Amma bəzən sərt danışan insanlar da olurdu. Məsələn, bir müştəştəri məni prokuror kimi sual verməkdə ittiham etdi. Bir başqası bu sualların cavablarının mənə nə dəxli olduğunu dedi və s. 😀 Amma, ümumiyyətlə deyə bilərəm ki, bizim region insanlarımızın əksəriyyəti çox amma çox gözəl insanlardır.

İşlədiyim dövr ərzində Mərkəzi banka, digər qurumlara və müştərilərə yazılan rəsmi məktubların strukturunu öyrənmək, Mərkəzi bankın normativləri və marketinqin əhatə etdiyi sahələrə aid qanunları, rəsmi tələbləri öyrənmək də çox maraqlı oldu.Həmçinin bu müddət ərzində Fox qrupda da iştirak etmək şansımız oldu. Onun necə aparıldığını, nələri əhatə ediyini öyrənmək də, yeni qəbul etdiyim məlumatlar sırasına daxildir.

Ümumiyyətlə Azərkreditdə olduğum iki ay ərzində hər gün çox yeni bilik və bacarıqlar əldə etdik və bunu bir yazıya yerləşdirmək mümkün deyil. İş və təhsil baxımından keçirdiyim ən səmərəli yay tətili və iki ay idi. O iki ayda iştirak edən və yaddaşımda belə gözəl qalmasına xidmət edən hər kəsə təşəkkür edirəm J

Advertisements
Bu yazı Uncategorized kateqoriyasında dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma